Doktor Jivaqo
Doktor Jivaqo
Boris Pasternakın "Doktor Jivaqo" romanı XX əsr ədəbiyyatının şah əsərlərindən sayılır. Zamanında böyük qalmaqala səbəb olmuş bu tarixi-siyasi roman 1945-1955-ci illərdə qələmə alınıb.
Romanda XX əsrin əvvəllərindən Böyük Vətən müharibəsinə qədərki dramatik və təlatümlü dövrün fonunda rus ziyalılarının həyatının dəqiq təsviri verilib. Müəllif Rusiyanın qanlı-qadalı tarixinə həkim-şair Jivaqonun şəxsi həyatı və ictimai faciəsi prizmasından yanaşmaqla ölüm və həyatın sirri, Rusiya tarixi, ziyalılar və inqilab, xristianlıq və yəhudilik problemləri kimi vacib məsələlərə toxunur.
"Doktor Jivaqo" sovet dövləti tərəfindən süngü ilə qarşılanmışdı. Boris Pasternak əsərin əlyazmasını 1956-cı ildə yerli nəşrlərə təqdim etsə də, hamısından rədd cavabı almışdı. Müəllif əsərin SSRİ-də çapına inamını itirəndən sonra onu italiyalı jurnalist Sercio D`Ancelo vasitəsilə Cancakomo Feltrinelli adlı italyan naşirə ötürüb. Beləliklə, roman ilk dəfə 1957-ci ildə Milanda italyan dilində işıq üzü görüb, Kremlin və İtaliya Kommunist Partiyasının bütün cəhdlərinə baxmayaraq, tezliklə dünya səviyyəli bestsellerə çevrilib. Əsər rus dilində ilk dəfə 1958-ci ildə Hollandiyada piratçılıq yolu ilə nəşr olunub. 1959-cu ildə isə Milanda əlyazma əsasında rusca işıq üzü görüb. Daha sonra Böyük Britaniya və ABŞ-da müxtəlif dillərdə dəfələrlə nəşr edilən roman bu ölkələrin xüsusi xidmət orqanları tərəfindən bütün dünyada, xüsusilə də xaricə gedən sovet turistləri arasında pulsuz paylanıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi kommunizmə qarşı ideoloji savaşda üstünlük qazanmaq məqsədilə romanın rus dilindəki nüsxələrini sosializm düşərgəsi ölkələrində yayıb.
1958-ci ildə Nobel mükafatına layiq görülən əsər keçmiş SSRİ-də onilliklər boyu qadağan və təqib olunub. İroniya da bunda idi ki, heç kimin oxumadığı əsər hamı tərəfindən lənətlənirdi. "Oxumamışam, amma lənətləyirəm!" sarkastik deyimi də məhz "Doktor Jivaqo" haqdadır. Başda Xruşşov olmaqla sovet rəhbərliyi Pasternaka təzyiq edərək onu Nobel mükafatından imtina etməyə məcbur edib. Mükafat yazıçının oğluna yalnız 1989-cu ildə təqdim olunub. 40-dan çox dilə tərcümə olunan romanı 30 ildən çox müddətdə gizli yolla ("samizdat") nəşr edərək yayıblar. Əsərin tam və orijinal variantı rus dilində yalnız 1988-ci ildə çap edilib.