˝TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi ˝Ramiz Rövşən mükafatı˝ təsis edir
15.12.2022
˝TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi ˝Ramiz Rövşən mükafatı˝ təsis edir.
Bu aydan etibarən hər il mütəmadi olaraq, 1-11-ci sinif şagirdləri arasında şairin şeirlərinin qiraət müsabiqəsi keçiriləcək.
Müsabiqənin məktəblilər arasında keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsildə poeziyaya sevgi aşılamaq, onların qiraət qabiliyyətlərini inkişaf etdirməkdir.
Onlayn formada təşkil olunan müsabiqə 3 qrup səviyyəsi (1-4-cü siniflər, 5-8-ci siniflər və 9-11-ci siniflər) üzrə keçirilir. Müvafiq olaraq hər qrup arasından 1 qalib seçiləcək.
Qaliblər 2023-cü ilin fevral ayı ərzində elan ediləcək. Hər bir qalibə bu müsabiqə üçün xüsusi dizayn edilmiş ˝Ramiz Rövşən mükafatı˝, ˝LIBRAFF˝dan 200 AZN-lik hədiyyə kartı, diplom və Xalq şairimizin kitablarından ibarət hədiyyə dəsti təqdim olunacaq.
Müsabiqənin şərtləri:
• Deyiləcək şeirlər Ramiz Rövşənin ˝Gəl dost olaq, qurbağa˝, ˝Gizlənmişəm, tap məni˝, ˝Göyərçinim, gəl görüm˝, ˝Sevgi açarı˝, ˝Bu dünyanın hər sifəti˝ və ˝Köhnə qorxular˝ kitablarından seçilməlidir.
• Müsabiqəyə hər şagird yalnız bir şeirlə qatıla bilər.
• Şeirlər əzbər deyilməlidir. Üzündən oxunan və ya kənar şəxsin köməyi ilə deyilən şeirlər qəbul edilməyəcək.
• İfa zamanı münsiflər heyəti tərəfindən iştirakçıların aydın intonasiyası, düzgün tələffüzü, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadəsi, təqdim etdiyi şeiri duyma qabiliyyəti qiymətləndiriləcək.
• Hazırlanan videogörüntülər aydın və keyfiyyətli olmalı, qiraətin müddəti 3 dəqiqədən çox olmamalıdır.
• Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə yazılı məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı məktəbin adı, şəhər, rayon və əlaqə nömrəsi) və hazırladıqları videogörüntüləri musabiqe@teaspress.az elektron ünvanına göndərməlidirlər.
• Videogörüntülərin göndərilməsi üçün son tarix 15 yanvar 2023-cü ildir.
Qeyd: Yuxarıdakı şərtlərə cavab verməyən və qeyd edilən son tarixdən sonra göndərilən müraciətlər nəzərə alınmayacaq.
Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq.