Azərbaycan ədəbiyyatında siyasi memuar janrının ilk nümunələri
11.05.2023
“Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə müxtəlif beynəlxalq konfranslar və yubiley gecələri, idman yarışları və konsertlər, kitab təqdimatları və digər mədəni-kütləvi tədbirlər keçirilir. Şübhəsiz ki, hər bir yubileydən qalan uzunömürlü yadigarlardan biri də kitablardır. Ulu Öndər haqqında indiyə qədər müxtəlif dillərdə onlarla kitab, buklet, albom və s. nəşr olunub.
“TEAS Press” Nəşriyyat Evinin “Heydər Əliyev İli”ndə çap etdiyi iki kitab indiyə qədər işıq üzü görən çoxsaylı nəşrlər arasında xüsusilə seçilir. Bu kitabları Azərbaycan ədəbiyyatı və publisistikası tarixində siyasi memuar janrının ilk nümunələri adlandırmaq mümkündür. Söhbət Heydər Əliyevin silahdaşları - keçmiş xarici işlər nazirləri, tanınmış diplomatlar Həsən Həsənov və Vilayət Quliyevin yubiley ərəfəsində yüksək poliqrafik səviyyədə çap edilmiş kitablarından gedir. H.Həsənovun əsəri “Heydər Əliyev: Parlaq xarizmatik şəxsiyyət haqqında xatirələr”, V.Quliyevin kitabı isə “Heydər Əliyev: Böyük insan haqqında xatirələr” adlanır. Nəşriyyat bu kitabları seriya kimi düşünüb.
Qeyd edək ki, hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən Ulu Öndərlə çalışan Həsən Həsənov müstəqillik dövründə - 1993-1997-ci illərdə xarici işlər naziri olmuşdu. Filoloq-alim və ictimai xadim kimi tanınan Vilayət Quliyev isə 1999-2004-cü illərdə həmin vəzifədə çalışmışdı. Hər iki müəllif illər boyu Heydər Əliyevlə yaxın təmasda olub, xarici səfərlərdə, dövlət və hökumət başçıları ilə görüşlərdə onu müşayiət edib, aparılan danışıq və müzakirələrdə iştirak ediblər. Bu baxımdan onların xatirələri Ulu Öndər Heydər Əliyevi ən müxtəlif rakurslardan – dövlət başçısı, siyasi lider, mahir diplomat, ağsaqqal, nəcib və xeyirxah insan, Azərbaycan maraqlarının keşiyində dayanan prinsipial və təəssübkeş vətənpərvər kimi görməyə imkan yaradır. Kitablarla tanış olan hər kəs Azərbaycan xalqının Ümummilli Liderini dövlət başçısı, siyasətçi, böyük şəxsiyyət kimi daha yaxından tanıyacaq.