8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin dördüncü günü
08.10.2022
8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin dördüncü günü “3 alma” nəşriyyatı tərəfindən çap olunmuş “Dostum Mimi”, “Pəncərəni kim sındırdı”, “Diribaş qızlar klubu” kitablarının müəllifi Reyhan Yusifqızının imza günü keçirildi. Müəllif uşaqların suallarını cavablandırdı, hekayə oxudu, kitablarını imzaladı və xatirə şəkilləri çəkdirdi. Bu gün “Klassiklərimizin həyatını onların varislərindən dinləyək” başlığı altında möhtəşəm bir tədbir keçirildi. Bu tədbirdə İsmayıl Şıxlının, Abdulla Şaiqin, Mirzə Ələkbər Sabirin, Əzizə Cəfərzadənin, Xanımana Əlibəylinin, Tofiq Mahmudun və Maqsud İbrahimbəyovun varsiləri, əzizləri öz xatirələrini dinləyicilərlə bölüşdülər. Çap olunmuş kitablar üçün nəşriyyata və oxuculara təşəkkür etdilər. Tədbirdə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsindən bir səhnə də peşəkar aktyorlar tərəfindən səhnələşdirildi. Xalq şairimiz Ramiz Rövşən oxucuları ilə görüşdü, onlar üçün şeirlər səsləndirdi. TEAS Press Nəşriyyat evi tərəfindən çap olunmuş “Sevi açarı”, “Bu dünyanın hər sifəti”, “Köhnə qorxular”, “3 alma” nəşriyyatı tərəfindən çap olunmuş “Gizlənmişəm tap məni”, “Gəl dost olaq, qurbağa” kitablarını oxucular üçün imzaladı, onlarla xatirə şəkilləri çəkdirdi.