"Solğun" kitabının təqdimatı keçirildi​
15.12.2023

"TEAS Press" tərəfindən keçirilən "Gənclərin roman müsabiqəsi"nin qalibi Əşrəf Əşrəfovun ˝Solğun˝ romanının təqdimatı və imza günü baş tuttu. Müsabiqənin münsifləri və oxucular kitab haqqında təəssüratlarını bölüşdülər. Müəllif oxucuların suallarını cavablandırdı və kitablar imzaladı. Sonda xatirə fotoları çəkdirildi.

Kitab haqqında

Sərt karantin qaydalarının hökm sürdüyü dəhşətli pandemiya dövründə qəhrəmanımız tanımadığı adamdan qeyri-adi bir təklif alır. Əvvəlcə qorxub bu təklifi rədd edir. Az sonra isə anasının koronavirusa yoluxduğunu öyrənir. Anasının müalicəsi üçün lazım olan məbləği heç yerdə tapa bilməyəndə onu xilas etməkdən ötrü həmin məşum təkliflə razılaşmağa məcbur olur. Alacağı pulun müqabilində ondan tələb olunan tək bir şey var: qanını on seans ərzində üç yüz yaşlı vampir Məlik Fəqana satmalıdır! Məlik Fəqan Gəncənin ən qədim sakinidir. Belə ki, Ağa Məhəmməd Şah Qacarın qəzəbindən qaçarkən Cavad xan şəxsən özü ona bu şəhərdə sığınacaq verib. Lakin onun burada olması artıq bütün şəhər üçün faciəvi bir təhdidə çevrilməkdədir. Qəhrəmanımız bu qanvermə seansları əsnasında vampirin digər qorxunc sirlərini öyrənir və öyrəndikcə də onu ruhən və cismən yeyən başqa bir xəstəliyə düçar olur. Əvvəlcə bunun qanazlığından qaynaqlandığını zənn etsə də, çox keçmir ki, vampirin onu istismar etdiyini anlayır. Lakin seansların pulu əvvəlcədən ödənilib deyə artıq boyun qaçıra da bilmir. Heç istəsə də qaçıra bilməz, çünki Məlik onun qanına aludə olduğu kimi, o da Məliyin hekayətlərinin əsirinə çevrilib. Getdikcə gücdən düşən, paranoyaya qapılan və yalqızlaşan qəhrəmanımızın nicatı isə elə bu zalımın əlindədir...