Nə etməliyik ki, övladımız “texnologiya mübtəlası”na çevrilməsin?
22.09.2023

Övladlarımızla bərabər rəqəmsal bir dənizin içindəyik. Üzməyi həm özümüz öyrənməli, həm də onlara öyrətməliyik. Övladlarımızı dənizdəki müxtəlif təhlükələrdən qorumaq bizim borcumuzdur. Bəs bunu necə bacaracağıq? Təhlükələrin nələrdən ibarət olduğunu necə anlayacağıq? Qətiyyən çarəsiz, əliyalın olduğunuzu düşünməyin. “Rəqəmsal dünyada uşaq böyütmək” kitabı sizin bir nömrəli köməkçinizdir. Hər an yanınızda olacaq və sizə bələdçilik edəcək. Bu kitabı oxuyaraq övladlarınızı virtual dünyanın təhlükələrindən qorumaqla bərabər, onların daha sağlam, daha zəki, daha bacarıqlı olmasını təmin edəcəksiniz. Bizi mühasirəyə alan, hətta bədənimizin bir üzvünə çevrilən rəqəmsal cihazlardan düzgün istifadə edilməməsi ağır nəticələrə səbəb ola bilər. 

Nə etməliyik ki, övladımız “texnologiya mübtəlası”na çevrilməsin, planşetə baxmadan yemək yesin, gününü televizorun, kompüterin qarşısında keçirməsin, aktiv ömür sürüb uğurlu bir insan olsun, rəqəmsal cihazlarla sadəcə dostluq eləsin, onlardan öz faydası üçün istifadə etsin? Əziz valideynlər, bu kitab sayəsində yuxarıdakı sualların hamısına cavab tapacaqsınız... Bir yaşından on səkkiz yaşına kimi övladınız qarşısında məsuliyyət daşıyırsınız. Borcunuz onu ən doğru, ən sağlam şəkildə tərbiyə etmək, cəmiyyətə qazandırmaqdır. Bu kitab uzun illər işinizə yarayacaq, sizin ən yaxın dostunuza, məsləhətçinizə çevriləcək. Doğru olduğunu düşündüyünüz yanlışlardan, yalnış ulduğunu güman etdiyiniz doğrulardan danışacaq, qarşınıza faktlar qoyacaq. 
Tədqiqatçı Patrisia Kuhlun yazdığı məqalələrdə körpələrin və uşaqların valideynləri və ya dayələri ilə qarşılıqlı əlaqədə olmasının faydaları göstərilmişdir. Belə kontaktlar nə qədər çox olsa, uşaqlar gələcəkdə özlərini daha yaxşı ifadə edər və qavrama qabiliyətləri daha güclü olar.
Körpələr başqaları ilə müxtəlif səslər, mimikalar vasitəsilə ünsiyyət qurmağa çalışırlar. Bu sadə hərəkətlər valideynlər və dayələrlə əlaqə yaradıb həmin əlaqəni inkişaf etdirmələrini təmin edir. Vacib olan odur ki, bunlar beynin güclənməsinə, inkişaf etməsinə səbəb olur. Yeni beyin görüntüləmə texnologiyaları böyüklərin körpələrlə münasibət qurduğu zaman neyroloji cəhətdən hansı hadisələrin baş verdiyinin aşkar sübutlarını təqdim etdi. 2015-ci ildə aparılan bir araşdırma nəticəsində valideynlərin körpə ilə danışmasının və birbaşa göz təması qurmasının uşağın beyninin aktivləşməsinə səbəb olduğu müəyyənləşdirildi.
Tələffüs üçün kritik olan dövr ilk 8-10 aydır, çünki körpələr həmin dövrdə ana dillərindəki xüsusi səsləri tanımağa və fərqləndirməyə başlayır. Körpələrin eşidə bilmədikləri səslər üçün olan sinir yolları bu zamanlarda qısalır və ya tamamilə kiçilir, buna görə körpələrin bizimlə qarşılıqlı ünsiyyət qurması olduqca əhəmiyyətlidir. Bu qarşılıqlı əlaqə onların inkişafı üçün çox vacibdir.
Çalışmalıyıq ki, texnologiya və ya texnoloji cihazlar uşağımızla bizim aramıza girməsin. Onlar təkcə səsimizi eşitməyi və ya bizimlə ünsiyyətdə olmağı istəmirlər, eyni zamanda ağzımızın hərəkətlərini izləmək istəyirlər. Başımız cihazlarımıza qarışması və ya körpəmizlə kontakt qura bilməməyimiz körpəmizin nitqinin inkişafına mane ola bilər. Körpələr və uşaqlar rəqəmsal cihazların işığı düşən sifətlərimizə yox, gözlərimizin içinə baxmaq istəyirlər. 
İndi körpənizin 2 il ərzində ekran qarşısında zaman keçirdiyinə görə narahat olmanızdan əvvəl sizə deməliyəm ki, texnologiyadan ifrat dərəcədə istifadə edilməməsi zərərin çox da böyük olmaması deməkdir. Uşağın gündə təxminən 15-30 dəqiqə ekrana baxması problem yaratmır. 2 yaşı tamam olmamış uşaqları olan valideynlərə ekran qarşısında sərf olunan bu vaxtı məhdudlaşdırmaları və bundan bir məqsəd üçün istifadə etmələri məsləhət görülür.
Texnologiyadan uşaqlarınızla birlikdə istifadə etməyə çalışmalısınız. Texnologiyadan aranızdakı əlaqəni gücləndirmək və dilə daha yaxşı vaqif olmalarını təmin etmək üçün istifadə edin. Məsələn, birlikdə video və fotoşəkillərə baxın və onlardan nə gördüklərini soruşun. Ekranda gördüklərini öz həyatları və təcrübələri ilə əlaqələndirməkdə onlara kömək edin.
Ekran qarşısında keçirilən vaxtı uşağımızla sosial və interaktiv bir təcrübə halına gətirməliyik və ekran qarşısında keçirilən vaxtın bizimlə və ya başqa bir dayə ilə keçirdiyi vaxtı əvəz etməməsini təmin etməliyik.
Biz texnologiyadan tamamilə imtina etməməliyik. Bu, onsuz da, mümkün deyil. Texnologiyanın və rəqəmsal cihazların uşaqlarımızın düşməni yox, dostu olmasına çalışmalıyıq. Bunun üçün də maariflənmək lazımdır. Kitabda nümunə kimi göstərilən bir əhvalata nəzər salaq: “Mişel danışıq üzrə patoloqdur. Son illərdə uşaqların dil biliklərində zəifləmə olduğunu müşahidə edib. Suallara gec cavab verən, sözləri anlamayan, özünü ifadə edə bilməyən, ünsiyyət qurmaqda çətinlik çəkən uşaqları müalicə edir.
O və həmkarları düşünürlər ki, uşaqların ekran qarşısında keçirdikləri zaman uşaqların valideynləri ilə keçirməli olduqları zamanı “yeyir”. Mişel buna belə izah verir: “Uşaqlar bacı-qardaşları, həmyaşıdları ilə ünsiyyət qurmaqdansa, gözlərini ekranlara zilləyirlər. Yemək yedikləri zaman heç nə barədə danışmır, valideynləri ilə mahnı oxumurlar”.
Mişel uşaqların ekran vərdişləri üzündən dil biliklərinin zəifləməsinə görə narahatdır. 
O deyir: “İlk 3 il beynin inkişafı üçün kritik bir dövrdür. Uşaqlar hər şeyi şifahi ünsiyyət vasitəsilə öyrənirlər və heç bir texnologiya şifahi ünsiyyəti əvəz edə bilməz. Uşaqların böyüklərlə qarşılıqlı əlaqə qurması lazımdır. Yanlış anlamayın, mən texnologiya düşməni deyiləm. Bəzən müalicə zamanı tətbiqlərdən istifadə olunur. Ancaq valideynlərin də uşaqları ilə əlaqə yaratması, proqramlara çox da bel bağlamaması lazımdır”. 
Ekran qarşısında sərf olunan vaxtın artması uşaqlarımızın dil biliklərinin azalmasının yeganə səbəbi deyil. Məsələn, həyat tərzinin dəyişməsi (qarşılıqlı əlaqə və şifahi ünsiyyəta ayrılan vaxtın azalması) və nitqdə qüsurların daha tez aşkar olunması (mütəxəssislərin köməyi ilə) buna səbəb ola bilər.
Belə nümunələr, şərhlər kitabda yüzlərlədir. Burada təkcə nitqdən yox, digər məsələlərdən də söhbət açılır. Bir uşağın həyatını şüşə qab kimi düşünməliyik. Həyatın hər bir fərqli cəhəti – bu kitabda açarları ilə birgə sunulan 7 təməl daşı (dilin inkişafı, münasibətlər, oyun, fiziki hərəkət, yuxu, qidalanma və icraedici-funksional bacarıqlar) ilə göstərilmişdir.
Əgər əksər günlərdə bu təməl daşlarının hamısı bir şüşə qabın içində varsa, deməli, şüşə qabdakı boş yerləri doldurmaq üçün orada ekran vaxtına da yer var. Bu misalda ekran vaxtı su kimi qabın içinə yayıla, 7 təməl daşı arasında qalan boşluqları doldura bilər. 
Bu yanaşmada uşağın inkişafı üçün zəruri olan bütün təməl daşları qaba əvvəlcədən qoyulur. Beləcə, arxayın ola bilirik ki, uşaqlarımızın ekran qarşısında sərf etdiyi vaxt onların inkişafına mane olmur. Texnologiyadan istifadə bu 7 təməl daşını bərkidə də bilər, onları toza da çevirər. Valideynlər balansı qorumağa borcludur. 
Uşaqlarımıza faydalı, zərərsiz yeməklər verdiyimiz kimi onlarda düzgün media vərdişlərinin formalaşmasını təmin etməliyik. Burada keyfiyyət və miqdar çox vacibdir.
Psixoloq Coselin Brever valideynlərlə müəllimlərə təklif edir ki, uşaqların “rəqəmsal kələm” yeməsini təmin etsinlər və “rəqəmsal konfet” qəbulunu minimuma endirməyə çalışsınlar. Yüksək kalorili, keyfiyyətsiz yeməklər var və eyni şey texnologiya seçimlərinə də aiddir. Məsələn, heç bir faydası olmayan, uşaqlara heç nə öyrətməyən, içiboş seriallar, “YouTube” videoları və ya oyunlar...
Ancaq aradabir azca “rəqəmsal konfet” yeməyin uşaqlarımıza zərər vurma ehtimalı yoxdur. Ancaq uşaqlarımızın istehlak və ya istehsal etdikləri yeganə şey bu olmamalıdır və bunlardan tədbirli şəkildə istifadə etmək mümkündür.
Bəzi hallarda uşaqlar onlar üçün həqiqətən zərərli olduğuna görə heç vaxt “rəqəmsal konfet” qəbul etməməlidirlər. Məsələn, özündə zorakılıq detalları ehtiva edən kompüter oyunları və böyüklər üçün televiziya proqramları... Bu, uşaqların spirtli içki qəbul etməsinə bənzəyir – yəni bu onların dünyasına aid olmayan bir şeydir. 
Aydındır ki, biz uşaqların “rəqəmsal kələm” qəbul etməsini istəyirik. Öyrədici televiziya proqramları, öyrədici tətbiqlər, “Skype” vasitəsilə  əlaqə yaratmaq, rəqəmsal kitab yaratmaq, ya da video çəkib onu kəsib-doğramaq... Uşaqlarımıza “rəqəmsal kələm”lə “texnoloji cips”ləri necə ayırd edəcəklərini öyrətməliyik.
Fiziki hərəkət uşağın əqli inkişafı və ümumi sağlamlığı üçün çox vacibdir. Beyin aşağıdan yuxarıya doğru qurulub (emosional və motor nayihələri daha tez inkişaf edir), uşaqların da zaman keçdikcə daha qarışıq, mürəkkəb düşünə bilmələri üçün əsas fiziki bacarıqlarda ustalaşmaları lazımdır. Bir usta bünövrəni tökməsə, birinci, ikinci mərtəbəni və ya damı tikə bilməz. Uşaqların beyinlərinin də inkişaf etməsi üçün əvvəlcə bünövrə lazımdır. İməkləməyə və ya yırğalanmağa əhəmiyyət verilməsə, “kaskad effekti” yarana bilər. Məsələn, yırğalanaraq, yuvarlanaraq və “ördək kimi” yeriyərək kifayət qədər vaxt keçirməyən uşaqların vestibulyar sistemi əsasən zəif inkişaf edir, buna görə də, müvazinət duyğusuna ehtiyacları olur. Bu səbəbdən vestibulyar sistemi zəif inkişaf etmiş uşaqların bir sinifdə oturub müəllimə diqqət yetirməsi demək olar ki, mümkün deyil. Bu səbəbdən, ekran vərdişlərinin uşaqların əsas fiziki hərəkət imkanlarına zərbə vurmamasına əmin olmalıyıq. 
 

Xan Abdulla

Yazıçı, redaktor.