Əvvəlcə nəyə qadir olduğunu öyrən, sonra kim olduğuna qərar ver...
23.05.2024

Bu kitab uzun müddət sonra əlimdən yerə qoymaq istəmədən, həvəslə, həyəcanla oxuduğum nadir kitablardan biridir. Buna səbəb olan bir çox şey var, hekayə, onun danışıldığı dil və təbii ki, tərcümənin keyfiyyəti.

Hazırda Azərbaycanda yaşamıram deyə, az hallarda dostların köməyi ilə əldə edə bildiyim və Azərbaycan dilində olan kitablar mənim üçün dəyərlidir. Ona görə də çalışıram ki, həm keyfiyyətli, həm də yaxşı tərcümə olunmuş kitabları alım. Bu kitabın da həm tərcüməsi, həm də keyfiyyəti mükəmməldir. Hətta oxuyanda elə bir hissə qapılmışdım ki, sanki müəllif kitabı elə Azərbaycan dilində yazıb.

Bu elə bir memuardır ki, girişi və müəllif haqqında məlumatları gizlədib kiməsə oxutsan, elə bilər ki, bədii əsər oxuyur, amma baş verənlərin hamısı az qala sivilizasiyadan uzaqda böyümüş bir qızın, bir qadının başına gəlmiş hadisələrdir. Mormon ailəsində doğulan, rəsmi qeydiyyatı belə olmayan, heç vaxt həkimə getməmiş, məktəbə getməyinə icazə verilməyən, Kembric kimi universitetin, Holokost kimi az qala hamının xəbərdar olduğu hadisənin varlığından belə xəbəri olmayan bir qızın həyatıdır.

Onun həyatını oxuyub tanış olmaq adama 100 dənə motivasiya kitabını oxumaqdan daha çox ilham verir. Yersiz eqo şişirdən o kitablardan fərqli olaraq bu memuarda görürsən ki, ən böyük yoxluğun içində, sıfırdan da yox, mənfidən həyata başlayan bir insan öz gücünə, ağlına güvənərək necə böyük maneələri aşa, ağlına belə gətirmədiyi gözəl uğurlar yaşaya bilər.

Həmişə düşünmüşəm ki, bütün sevinclər və kədərlər, uğurlar və uğursuzluqlar nisbidir. Kimsə çox varlı, amma oxumaq həvəsi olmayan adam üçün Kembric həbsxana, amma heç orta məktəb belə oxumamış, yoxluqdan, cahillik və nadanlıqdan xilas olmaq istəyən üçün isə bu universitet azadlıq simvolu ola bilər. İstənilən universitet. Kimsə üçün uğur istədiyi maşını, ya da evi almaq, amma doğulduğu həbsxanadan çıxmaq istəyən adam üçün uğur öz həyatını, gündəlik çox xırda şeyləri belə özünün idarə etməyinə nail olmaq, bunlara özünün qərar verməyi ola bilər.

Kitabdakı qeydlərimin bir hissəsi orada danışılan hadisənin tərkib hissəsi olduğuna görə birbaşa cümləni oxuyanda məzmun anlaşılmır deyə burada yazmadım. Digərlərini isə əlavə edirəm. Ümid edirəm ki, özünü yarımçıq hiss edən, ya da hansısa addım atmaqdan qorxan insanlar üçün Taranın hekayəsi motivasiya, ilham mənbəyi olar.

  • Atamın danışdğı bütün əhvalatlar bizim dağımız, vadimiz, Aydahodakı bir əlcə torpağımız haqda idi. O mənə bu dağdan getdiyim, okeanı keçdiyim, materiki aşdığım, qərib yerdə “Hindu şahzadəsi”ni görə bilmədiyim zaman nə edəcəyimi başa salmamışdı. O mənə evə qayıtmaq vaxtının çatdığını başa düşməyin yolunu heç vaxt izah etməmişdi.
  • İntuisiyam məndən yaxşı başa düşmüşdü ki, atamın nəsə edəcəyinə ümid bəsləməkdənsə, o yüksəklikdən tullanmaq daha yaxşıdır. Həyatım boyunca intuisiyam mənə sübut edib ki, məhz özünə arxalansan, bəxtin üzünə daha çox gülər.
  • Hələ uşaq ikən görürdüm ki, ailəmiz bütün qəsəbənin getdiyi kilsənin üzvü olsa da, bizim dinimiz onlarınkı ilə eyni deyil. Onlar təvazökar həyata inanırdılar, biz isə belə həyatı yaşayırdıq. Onlar Tanrının sağaltmaq gücünə inanırdılar, bizim yaralarımızı isə Tanrı öz şəfalı əlləri ilə sağaldırdı. Onlar qiyamət gününə hazırlaşmalı olduqlarına inam bəsləyirdilər, biz isə, həqiqətən də hazırlıq görürdük.
  • Məndə bu məsələyə qarşı həssaslıq yarandı, qardaşım, atam, özüm barədə düşündüm, başqaları tərəfindən bizə sunulan ənənələr üzündən necə insanlara çevrildiyimizi dərk etdim. Bu ənənələrin təsiri ilə biz qeyri-ixtiyari nadan olurduq.
  • Əminliklə bilmədiyim halda, əminliyə iddia edənlərə tabe olmamaq özümə heç vaxt vermədiyim bir imtiyaz idi. Həyatım mənə başqaları tərəfindən nağıl edilirdi. Səsləri güclü və təsirli idi. Öz səsimin də onlarınkı qədər güclü ola biləcəyi heç vaxt ağlıma gəlməmişdi…
  • Gündəliyimə belə bir cümlə yazmışdım: “Sevdiyin insanlara öz üzərində bu qədər qüdrətə malik olmaq hüququnu vermək çox qəribədir”. Lakin Şonun mənim üzərimdəki qüdrəti təsəvvür edə biləcəyimdən də çox idi. O özüm haqqımda fikrimin formalaşmağına nail olmuşdu. Bundan böyük qüdrət ola bilməzdi.
  • Biz daima təhlükəyə hazır şəkildə, qorxu içində yaşayırdıq. İstənilən an hər cür hadisənin baş verə biləcəyindən xəbərdar olduğumuza görə beynimizdə kortizol hormonu aşıb daşırdı. Çünki atam inancını həmişə təhlükəsizlikdən üstün tuturdu.
  • Qəflətən professor mənə tərəf ağlına yaxşı bir fikir gəlibmiş kimi əyildi.
  • – Kembric haqqında eşitmisən?
  • Eşitməmişdim.
  • – Bu İngiltərədə yerləşən bir universitetdir, – o dedi. – Dünyadakı ən yaxşı universitetlərdən biridir.
  • Mən məsləhətlər eşitmək, kiminsə başqa şeylərə olan həvəsimi həyat yoldaşı və ana olmaq istəyimlə necəsə tutuşdurmasını istəyirdim. Lakin professor bu məsələni bir kənara qoydu. O mənə sanki bunu dedi: “Əvvəlcə nəyə qadir olduğunu öyrən, sonra kim olduğuna qərar ver”.
  • Mən istənilən qəddarlığa daha çox tab gətirə bilərdim, nəinki mehribanlığa. Tərif mənim üçün zəhər idi. Ona görə də onu qəbul edə bilmədim. Professorun mənim üstümə qışqırmasını istəyirdim. Bunu elə ürəkdən istəyirdim ki, bundan məhrum olmağım başımı gicəlləndirirdi.
  • Pal-paltar mənim problemlərimi həll edə bilməzdi. İçimdə nəsə çürümüşdü və bu çürüntünün üfunətini pal-paltarla ört-basdır etmək olmazdı.
  • …gündəliyimi çıxartdım və yazdım: “Bir vaxtlar bütün bunlara zərrə qədər şübhə etmədən inanmağım heyrətamizdir. Sanki həqiqəti yalnız atam bilir və deyir, qalan hər kəs yalan danışırdı”.
  • Tini burulanda gördüm ki, atam hələ də bayaqkı kimi durub. Bu mənzərə heç vaxt yadımdan çıxmayacaq. Üzündəki ifadə… Sevgi və qorxu ifadəsi… Atamın nəyə görə qorxduğunu bilirdim. O bunu Bak zirvəsində keçirdiyim son gecə, yəni mərasimə gəlməyəcəyini dedi o gecə ağzından qaçırmışdı.
  • Əgər Amerikada olsan, – o pıçıldamışdı, – biz sənin dalınca gələ bilərik. Harada yaşamağından asılı olmayaraq… Tarlanın altında düz min qallon yanacaq basdırmışam. Qiyamət günü gəlsə, özümü sənə yetirə, səni evə gətirə və qoruya bilərəm. Amma okeanı keçsən…
  • Mill iddia edirdi ki, uzun əsrlər boyunca qadınlar o qədər tovlanıb, ələ alınıb, yerə çırpılıb və bir qadın olaraq saysız-hesabsız təhriflərə məruz qalıb ki, indi onun təbii bacarığı və arzularını tam şəkildə müəyyən etmək mümkün deyil.  Qan beynimə vurdu. Elə bil qanımdakı adrenalin qalxaraq məni canlandırdı, hətta məndən kənara fışqırdı. “Qadınların təbiətinə dair qəti bir fikir deyilə bilməz”. Hələ heç vaxt bir boşluq, qapqara bir bilgi yoxluğu mənə bu cür rahatlıq bəxş etməmişdi. Sanki Mill mənə deyirdi ki, kim olmağından asılı olmayaraq, sən bir qadınsan…
  • Mənim utancım atamın məni metaldoğrayanın ülgücləri arasından çəkib çıxarmaq yerinə, bilərək ona tərəf itələməsindən irəli gəlirdi. Bu utanc boğulduğum vaxt anamın qonşu otaqda ola-ola, buna gözlərini yumub qulaqlarını bağladığını, həmin an, ümumiyyətlə, mənim anam olmamağı seçdiyini bilməyimdən irəli gəlirdi.

Fatimə Kərimli