Bu kitab insanda ümid doğurur, inam yaradır...
22.09.2023
Biz unutmamalıyıq ki, uşaqların nəsihətə yox, yaxşı nümunəyə ehtiyacları var. Hər kəs valideyn ola bilər, amma valideynlik etməyi hamı bacarmır. Sevgi, diqqət görməyən uşaq da uşaqlığını yaşaya bilmir. Valideynlərin qəbul etdiyi mövqe uşaqlara da sirayət edir. Uşaq vaxtı yaşadığımız travmaların nəticələri, adətən, çox ağır olur. Bəziləri onların öhdəsindən gəlməyi bacarır, bəziləri isə getdikcə uçuruma doğru gedir.
Tara Uestoverin qələmə aldığı “Tələbə” əsərindəki Tara isə ucqar bir yerdə 7 uşaqlı ailənin sonuncusu kimi dünyaya gəlir. Ailə insanı ən yaxşı mühafizə edən sığınacaqdır. Amma Taranın ailəsi o ailələrdən deyil.
Daim dövlətin ona qarşı olduğunu düşünən, hətta buna görə də uşaqlarını qeydiyyata saldırmayan, oxutmayan, ən faciəvi, ağır yaralanmalarda belə onları xəstəxanaya aparmayan, nə olursa olsun “bunu yaşamağımızı Tanrı istədi” deyən bir ata... Bu ata bütün ailə üzvlərinin sorğusuz-sualsız ona tabe olmasını istəyir. Övladlarını ən ağır işlərdə işlədən ata qətiyyən onlara qayğı göstərmir. Ona qarşı gəlməyə çalışanı isə heç düşünmədən qovur, rədd edir.
Zorakılıqdan zövq alan, psixoloji problemləri olan bir qardaş... Hansı ki o qardaş gah istəyərək, gah da istəmədən ailə üzvlərini, hətta sevdiyi insanı incidir, döyür, təhqir edir. Sonradan bəzən öz hərəkətlərindən peşman olur, bəzən ümumiyyətlə hər şeyi inkar edərək ona şər atıldığını deyir.
Ailənin qayda-qanunlarına tabe olmuş, gördüyü hər şeyi səssizcə seyr edən ana. Oğlunun, ərinin yanlış hərəkətlərini görsə də, səsini çıxarmır, etiraz etmir. Heç vaxt qızının tərəfini saxlamır.
Tara belə bir ailədə böyüyürdü. Yaşının az olmasına baxmayaraq, ona çox ağır iş yükü düşürdü. Ən ağır işləri görməyə məcbur edilən bir qız düşünün. O qız ki, bir dəfə dodağına boya çəkdi deyə, isti olduğu üçün köynəyinin qolunu qaldırdı deyə əxlaqsız damğası yedi, döyüldü. Yenə də ailəsinə olan bağı qopara bilməyən Tara. İnsan ailəsi üçün nələrdən keçə bilər? Şəxsiyyət vəsiqəsi belə olmayan bir qız ailəsinin yaşatdıqlarına nə qədər dözə bilər?
Tara əsər boyu özünü axtarır, həyatını, yaşadıqlarını sorğulayır. Onu bəzi sualların cavabı çox maraqlandırır: “Başlanğıcını götürdüyüm yerdəcə sona çatacağam, ya yox... Görəsən, insanın düşdüyü ilk şəkil onun yeganə və əsl xislətidirmi?”
Qarşısına çıxan maneələrə baxmayaraq, o təhsili, işıqlı yolu seçir. N.Mandelanın da dediyi kimi “Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir”. Tara da öz dünyasını dəyişmək üçün bu silaha sarılır. Təhsilin bir məqsədi də insanı bir növ qəflət yuxusundan oyatmaqdır. Tara da bu yuxudan ayılır. Necə deyərlər, “Sən nəyə hazırsansa, o da sənə hazırdır”. Ucqar bir yerdən ən yaxşı Universitetlərdə təhsil almağa qədər gedir bu yol. Unutmamalıyıq ki, tərəqqi təhsildən başlayır. Heç kim uğur nərdivanlarını əlləri cibində çıxmayıb. Tara da həmçinin. O, qarşısına bir məqsəd qoyur və o yolda daim irəliyə doğru addımlayır. Hərdən geri qayıtmaq istəyir, lakin sonra ailəsi ilə özü arasındakı uçurumu fərqinə varır. Həyat və valideynləri, hətta şiddətə meyilli qardaşı ona nə yaşadırsa yaşatsın, o sınmır, öz mübarizəsinə davam edir.
Əsərin təsirli olmasının səbəblərindən biri də müəllifin öz yaşadıqlarını qələmə almasıdır. Əsərin sonunda müəllif bəzi qeydləri bizimlə bölüşür. Valideynləri ilə tamamilə əlaqəsini kəsmiş və bu ona qəribə bir rahatlıq gətirmişdir. Lakin atası ilə bağlı yaşadıqlarını qələmə almaq heç də asan olmayıb. Daimi olaraq həmin qeydlər üzərində nəsə dəyişikliklər edir, yeniləyirdi. Ailəsinin qəddarlığını, etinasızlıq anlarını qələmə alır. Lakin intiqamın günah hissinə aidiyyəti yoxdur. Heç bir qəzəb, ya da nifrət hissi onu ram edə bilmir, çünki günahın bunlarla əlaqəsi yoxdur. Günah hissi kiminsə öz mənəvi kasadlığının qorxusundan törəyən bir hissdir.
Biz də əsəri oxuduqca bəzən çox əsəbiləşəcəyik. Övlad-valideyn münasibətləri bəzən bizi özümüzdən çıxaracaq. Zorakılığa, əziyyətə, mövhumata göz yuman ana obrazı isə, həqiqətən də, insanı qeyzləndirir.
Bəzən yaşamaq ölməkdən daha çox cəsarət tələb edir. Tara cəsarətli olmağı seçir. Amma bu kitab insanda ümid doğurur, inam yaradır. İnsanın istəsə nələrə nail ola biləcəyini bizə göstərir. Bəli, kənar təsirlər çox önəmlidir, amma biz istəsək, hər şeyin öhdəsindən gələ bilərik, biz bunu bacararıq.
E.Ruzvelt deyib ki, “Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir”. Bizə verilən hədiyyənin dəyərini bilək.
Vüsalə Babayeva
Redaktor