Hamiləlikdə və doğuşdan sonra düzgün qidalanma haqqında kitab!
05.12.2018

“İkimiz Üçün Yeməliyəm” kitabı hamilə və zahı qadınlar üçün qida haqqında yazılan çoxsaylı kitablardan biridir. Lakin bu kitabın xüsusiliyi onun üzərində çalışan müəllifindədir. Annabel Karmel Böyük Britaniyanın ən məşhur uşaqlar üçün resept kitablarının müəllifidir. Onun yazdığı resept kitabları ilə Krallıqda, eləcə də dünyada artıq ikinci nəsil böyüməkdədir. Qeyd etmək, lazımdır ki, müəllifin uşaqlar üçün nəzərdə tutduğu reseptlər əslində bütün ailənin ağız dadına uyğundur və sağlam qidalanmaq üçün gözəl bir fürsətdir.
 
Müəllifin fikrincə, uşaqlarını sağlam qidalandırmaq istəyən ailələr ilk növbədə bunu öz nümunələrində göstərməlidirlər. Çünki, uşaqlar ən mükəmməl təqlidçidirlər. Valideynlər özləri nə qədər erkən sağlam qida vərdişlərinə yiyələnərlərsə, uşaqlar da bir o qədər sağlam qidaya meyllik göstərərlər. Məhz bu səbəbdən müəllifin yazdığı bu kitab hamiləlik dövrünü əhatə edir.
25 illik yazı təcrübəsi olan müəllif  Annabel Karmeldən əlavə kitabın ərsəyə gəlməsində məsləhətçi qismində dietoloq və düzgün qidalanma üzrə mütəxəssis Fiona Hinton da əməyini əsirgəməmişdir. Fiona Hinton sağlam qidalanma mütəxəssisi olaraq 15 ildən artıqdır ki, ABŞ, Böyük Britaniya və Avstraliyada ictimai maarifləndirmə işləri ilə məşğul olur.
 
Qeyd etmək lazımdır ki, “İkimiz Üçün Yeməliyəm” kitabı hamilələr üçün toplanmış bir resept kitab deyil. Burada hamiləlikdə qidalanmaya dair ümumi qaydalar, əsas prinsiplər, ziyanlı vərdişlərə dair biliklər paylaşılıb. Həmçinin qadınları ən çox narahat edən  hamiləlikdə yığılan artıq çəkiyə dair ətraflı məlumat verilir. Vacib məsələlərdən biri, hamiləlikdə əsas qidalandırıcı maddələrin qəbuludur ki, kitabda geniş şəkildə öz əksini tapır: hansı vitaminlər və minerallar lazımdır və mənbələri, ərzaqların keyfiyyətinə diqqət yetirmək və düzgün hazırlayıb istehlak etmək və s.
 
“İkimiz Üçün Yeməliyəm” kitabında əksər qadınların hamiləlikdə yaşadığı qidalanma problemlərinə dair məlumatlar və çözümlər verilir. Bunlardan həm ürəkbulanması, yerikləmə, iyrənmə və süstlük kimi narahatlıqlar işıqlandırılır. Ümumilikdə kitab, hamiləliyin trimesterlərinə uyğun olaraq bölünmüş və oxucu üçün bu kifayət qədər rahatdır. Hamilə qadın ona uyğun və maraqlı olan bölmələri zaman-zaman oxuyub tətbiq edə bilər. Kitabın sonunda hamiləlikdən dərhal sonra zahı qadının qidalanmasına dair qısa da olsa, maraqlı və faydalı məlumatlar verilir. Annabel Karmelin ailə və uşaq qidasına dair digər maraqlı və faydalı kitabları da doğma dilimizdə oxumağa ümid edirik.