Bakıda yetişən qırmızı diktatorun qanlı sarayı
26.06.2018

Bu günlərdə bir kitab oxuyurdum. İstərdim ki, o kitabı hamı oxusun - tarixlə, siyasətlə maraqlanan, demokratiyanın, diktaturanın nə demək olduğu öyrənmək istəyən hər kəs.

Bu kitab bir müstəbid və onun ətrafındakılar haqqındadır.

Elə müstəbidlər var ki, onların barəsində minlərlə kitab yazılıb və özünü oxucu sayan hər kəs mütləq onların barəsində yazılan o kitablardan birini oxuyub.

Belə tarixi simalardan biri də sovet diktatoru İosif Stalindir.

Onun barəsində sağ olduğu, dünyanın və bütün zamanların ən böyük və ən qəddar imperiyasına başçılıq etdiyi zamanlarda da, öldükdən sonra da çoxlu kitab yazılıb.

1953-cü ilə, Stalinin ölümünə qədər yazılan kitablarda o təriflənib göylərə qaldırılır, "ellər atası", "sovet xalqının böyük oğlu" adlandırılırdısa, ölümündən, xüsusilə də

1956-cı ildən sonra öz keçmiş silahdaşları Stalini sözün bütün mənalarında yerə soxdular (buna qədər o, Lenin kimi mumiyalanıb saxlanılırdı).

SSRİ məkanında Stalin mövzusuna bir də 1985-ci ildən sonra, yenidənqurma illərində qayıtdılar. SSRİ-ni qaranlıq dövrünün arxivləri tam açıldı və dəhşətlər üzə çıxdı.

Təfərrüatlar ortaya çıxdıqca çıxırdı. Məlum olurdu ki, onun SSRİ rəhbəri olduğu dövrdə özünün şəxsiyyəti ətrafında baş verən hadisələr 1000 səhifəlik kitaba güclə sığar.

İngilis tarixçisi, yazıçısı və jurnalisti Saymon Conatan Sebaq Montefiorenin qələmə aldığı, TEAS PRESS Nəşriyyatında nəşr olunan "Qırmızı çarın sarayı" kitabı məhz 1000 səhifəlik kitablardandır.

Montefiore Stalinin Bakıda keçirdiyi illərə, inqilabi fəaliyyətə, sürgün həyatına aid bilgiləri bu kitaba yerləşdirə bilməyib, onları ayrıca "Gənc Stalin" kitabında cəmləşdirib.

Bu kitab diktatorun SSRİ rəhbəri olmasından ölməsinə qədərki dövrü əhatə edir.

Müəllif özündən əvvəlki stalinşünasları təkcə diktatora dair yazdığı əsərin həcmi ilə yox, həm də hərtərəfliliyi, obyektivliyi, təfərrüatlara varmasıyla, müstəbidin özüylə yanaşı, ailə üzvlərinin, yaxın silahdaşlarının psixoloji portretini yaratmasıyla, həyat və iş fəaliyyətlərini tam təsvir etməsiylə üstələyib.

Bu kitabda Stalin haqqında hər şey var - indiyədək bilinən həqiqətlərdən tutmuş indiyədək bilinməyən detallara qədər hər şey. Müəllif bütün bunları arayıb-araşdırıb, eşələyib-qurdalayıb, tutuşdurub-incələyib, öyrənib-bilib, yazıb.

Əsəri oxuduqca adamın gözünün qabağına şəraitə görə cilddən-cildə düşən bir iblis canlanır.

Bu Stalindir - sevimli arvadı özünü güllələyib öldürür, amma o, vicdan əzabı çəkmir.

Stalin budur: ən yaxın silahdaşlarından birinin - Sergey Kirovun qətlinə fərman verir, dəfnində təsirli nitq söyləyir, öz cinayətinin izini itirmək və Kirovun adamlarından yaxa qurtarmaq üçün daha 2 min adamı ya güllələtdirir, ya da gedər-gəlməzə göndərir. Kirova yaxınlığı ilə bilinən Serqo Oroconikidzenin və Valerian Kuybışevin 50 və 47 yaşlarında infarktdan ölmələrini də Stalinin təşkil etdiyi bildirilir. Maraqlıdır ki, 1937-ci ildə Serqonun ölümündən bir az sonra mərhumun böyük qardaşı həbs olunur, güllələnir, arvadı Zinaidaya isə 10 il həbs cəzası verilir. Halbuki Stalinlə Serqo 1907-ci ildə Bakıdakı Bayıl həbsxanasında tanış olub dostlaşmış, otuz il boyunca ayrılmamışdılar.

Bolşevik inqilabının qələbəsində baş rol oynamış Lev Trotskini əvvəlcə ölkə daxilində sürgünə yollayan, sonra Türkiyəyə yerləşməsinin "qayğısına qalan", daha sonra Meksikada buz baltası ilə qətlə yetirdən də Stalindir.

NKVD şeflərinin - Yejovun, Yaqodanın əliylə qanlı cinayətlər törədən, sonra öz maşalarını amansızcasına edam etdirən şəxs də Stalindən başqası deyil.

Stalin o adamdır ki, köhnə leninçiləri - Zinovyev, Buxarin, Kamenev və Rıkov, eləcə də onlara yaxın olan minlərlə inqilabçını "uf"demədən güllələtdirir.

Bəlkə NKVD şefi Beriyanın yeniyetmə və gənc qızlara olan maniakal həvəsindən, onları Moskva küçələrindən ovlatdırıb zorlamasından Stalinin xəbəri olmamışdımı? Yerin altını da, üstünü də bilən, ətrafındakı hər kəs haqqında müfəssəl bilgilərə sahib olan Stalinin, təbii ki, Beriyanın manyaklığından da xəbəri vardı. Elə olmasaydı, qızı Svetlananın Beriyagildə qalmasını eşidəndə narahat olmaz, "tez evə gəl" deməz, başqa bir gün isə "Beriyanın maşınına minmə" deyə əmr etməzdi.

Ona hər şeyi yerli-yataqlı çatdırırdılar - Yejovun özünün biseksual olmasını və arvadının yazıçı Şoloxovla intim əlaqəsini də, marşal Rokossovskinin gözəl teatr aktrisası ilə oturub-durmasını da, qoca inqilabçı Yenukidzenin gənc balerinalarla əylənməsini də, Kalininin, Molotovun xanımının həbsdə çürüməsini də. Bir sözlə, hər şeyi.
Kitabın nə qədər maraqlı olmasını göstərmək üçün bəzi fəsillərinin başlıqlarını yazmaq kifayətdir:
"Cəsədlə dolu qatarlar: sevgi, ölüm və isteriya"; "Molotov kokteyli: SSRİ-Finlandiya müharibəsi və Kulikin həyat yoldaşı"; "Beriya və yorğun cəlladlar"; "İki qəribə ölüm: Yəhudi aktyoru və varis"; "Polina Molotovanın həbs edilməsi"; "Gizli dostluq: Novqorod qızılgülü"; "Jukovun qürubu və Avropanı talan edənlər: imperiyanın zümrəsi"; "Məğrur fateh: Yalta və Berlin" və sair və ilaxır.