Daosizm
Daosizm
Özündə iki kitabı birləşdirən hazırkı nəşr Azərbaycan oxucusunu daosizm fəlsəfəsinin təməl mənbələri ilə ilk dəfə tanış edir. Qədim Çin filosofu Lao Tzı (e.ə.VI-V əsrlər) daosizmin banisi sayılır. Ömrünün sonuna yaxın Çini kəlin belində tərk etmək qərarına gələn filosofu sərhəddə saxlayırlar. Bu qərib qocanın şəxsində müdrik insanı görən məntəqə rəisi ondan ölkəni tərk etməzdən öncə bildiklərini qısa şəkildə yazmağı xahiş edir. Lao Tzı 5000 heroqlifdən ibarət "Dao De Çinq" adlı fəlsəfi traktatı bir gecəyə yazır, səhər isə Çini həmişəlik tərk edir. 81 şeirdən ibarət traktat "boşluqlardan istifadə etməyin" və "heç nə eləmədən iş görməyin" sirlərini açır.
Daosizmin ikinci banisi sayılan Çjuan Tzının "İç bölümlər" ( e.ə.III əsr) əsəri daosizm fəlsəfəsini əlvan pritça və mifoloji materiallar əsasında, əyani şəkildə illüstrasiya etmiş olur. Kitabda həmçinin daosizmin konfutsiçiliklə diskussiyası da öz əksini tapır.