Vətən müharibəsi şəhidləri haqqında ensiklopedik kitab nəşr olunub
02.03.2022

44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr edilən üç cilddən ibarət “Vətən müharibəsi şəhidləri” memorial kitabının I cildi çapdan çıxıb. TEAS Press Nəşriyyat evinin çapa hazırladığı kitabı Vətən müharibəsi şəhidləri haqqında ensiklopediya da adlandırmaq olar.

Kitaba Vətən müharibəsində (27.09.2020 – 10.11.2020), həmçinin azad edilmiş torpaqlarda Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi prosesinin davam etdiyi 2021-ci il dekabrın 31-dək şəhid olmuş qəhrəmanlarımız barədə məlumatlar daxil edilib.

Kitab çapa hazırlanarkən müxtəlif mənbələrdəki (internet və çap mediasındakı, bəzən ayrı-ayrı kitablardakı) məlumatlarda rast gəlinən qeyri-dəqiqlik hallarının, məlumatların bir-biri ilə uyğun gəlməməsinin, şəhidlər barədə səthi hazırlanmış yazıların və bioqrafik məlumatların gələcək tədqiqatçılar və digər müəlliflər üçün çətinlik yaradacaq bir məqam olduğu nəzərə alınıb. Ona görə də bu məsələyə ilk dəfə fərqli yanaşılıb – hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda əlaqə saxlanılaraq bütün faktlar və bioqrafik məlumatlar həmin ailələrin bilavasitə özləri ilə dəqiqləşdirilib.

Bu kitabda soyadları əlifba sırası ilə A, B, C, Ç, D, E, Ə, F, G hərfləri ilə başlayan 957 nəfər Zəfər savaşı qəhrəmanı haqqında məlumatlar yer alır. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib olunub. “Təltifləri” bölməsində hər bir şəhidə verilmiş orden və medalların siyahısı istisnasız olaraq yalnız Prezidentin müvafiq sərəncamlarına istinadla bir-bir dəqiqləşdirilib.

“Hazırda kitabın ikinci və üçüncü cildləri çapa hazırlanır, onlar da tezliklə işıq üzü görəcək. Bu kitabın ərsəyə gəlməsində göstərdiyi informasiya dəstəyinə görə “YAŞAT” Fonduna, müvafiq rayonların icra hakimiyyətlərinin müvafiq strukturlarına və fəal vətəndaşlarımıza xüsusi minnətdarlığımızı bildiririk. TEAS Press Nəşriyyat evinin müqəddəs şəhidlərimizin ruhu qarşısında az da olsa, öz mənəvi borcunu ödəmək məqsədilə çapa hazırladığı bu kitab hər şəhid ailəsinə bir nüsxə olmaqla “YAŞAT” Fondu vasitəsilə onlara hədiyyə ediləcək. Yerdə qalan nüsxələrin satışından əldə edilən gəlir isə “YAŞAT” Fonduna ianə olunacaq”, – deyə nəşriyyatdan bildirilib.

Müqəddəs şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq! Onların ruhunu sonsuz ehtiramla anır, hər birinə Allahdan rəhmət diləyirik!