˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝nin şərtləri
03.06.2022
˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝nin şərtləri aşağıdakılardan ibarətdir:
– iştirakçıların yaş həddi 18-35 arasında olmalıdır;
– əsərlərin müsabiqəyə qəbulu 3 iyun 2022-ci il tarixindən başlayacaq və 31 avqust 2022-ci il tarixinə qədər davam edəcək;
- hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, bütövlükdə və ya bir hissəsi heç bir çap və media orqanında yayımlanmayan bir roman təqdim edə bilər;
– ümumilikdə müsabiqəyə təqdim edilən romanın həcmi 250 səhifəni (hər səhifə boşluqlarla birgə 2000 (iki min) işarədən hesablanmaqla) keçməməlidir;
– müəlliflər müsabiqəyə həcmi 15 (on beş) min işarədən çox olmamaqla, əsərin 3 ixtiyari hissəsindən seçmələr də təqdim etməlidirlər;
– əsərlər fərdi qaydada – müəlliflərin özü və yaxud müstəsna hallarda onun adından çıxış edə biləcək şəxs (ailə üzvü, səlahiyyətli nümayəndəsi və s.) tərəfindən təqdim olunmalıdır (Şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə);
– müsabiqə - “Uzun siyahı” , “Qısa siyahı” və yekunda qaliblərin müəyyən edilməsi olmaqla - üç mərhələdə keçiriləcək;
– hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ayrıca məlumat veriləcək.
Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.
-I yerin sahibinə 2000 (iki min) AZN pul mükafatı veriləcək, həmin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı keçiriləcək.
-II yerin sahibinə 1500 (min beş yüz) AZN,
-III yerin sahibinə isə 1000 (min) AZN pul mükafatı veriləcək.
Şəffaflığı və obyektivliyi təmin etmək üçün müsabiqəyə qəbul edilən romanlar münsiflərə şərti imzalarla təqdim olunacaq.
Münsiflərin kimliyi müsabiqə tam yekunlaşana qədər məxfi saxlanılacaq.
Mübahisəli vəziyyətlər və ya digər ehtiyac halı yaranarsa, münsiflər öz seçimlərini yazılı şəkildə əsaslandıraraq ictimaiyyətə açıqlayacaqlar.
Mövcud tələb və şərtlərə zidd davrandığı müəyyən edilən ekspert və münsiflər – adları ictimaiyyətə açıqlanmaqla – bu müsabiqə ilə bağlı prosesdən dərhal və həmişəlik kənarlaşdırılacaq.
Əsərlər qiymətləndirilərkən (hər cür qeyri-ədəbi yanaşma, bədii təfəkkürü və yaradıcılığı məhdudlaşdıran istənilən səbəb qəti istisna olunmaqla!) münsiflərin özlərinin müəyyənləşdirib rəhbər tutduqları digər estetik və etik kriteriyalarla yanaşı, aşağıdakı meyarlar əsas götürüləcək:
- milli və bəşəri dəyərlərə əsaslanan mövzuların ən uyğun bədii forma daxilində, məzmun-janr mütənasibliyi ilə təqdimatı;
- mövcud milli və bəşəri ədəbi ənənələrdən yenilikçi tərzdə bəhrələnmə, çağdaş dünya ədəbiyyatı və yeni ədəbi təmayüllərlə yaxından səsləşmə, keçmişə, bugünə və gələcəyə dair mütərəqqi düşüncələrin təsirli bədii ifadəsini verə bilmək;
- Azərbaycan dilinin qorunmasına, inkişafına, həmçinin çağdaş ədəbi-linqvistik meyil və tələblər əsasında zənginləşməsinə, yeni üslubi-ifadə imkanları qazanmasına xidmət etmək;
- ideya planında ədəbiyyatın bəşəri-humanist mahiyyətinə sadiq qalmaq, irqi, milli, siyasi və sair zəmində nifrətin, qarşıdurmanın təbliğinə yol verməmək;
- ümumdünya ədəbi prosesinə inteqrasiyada pozitiv rol oynamaq, beynəlxalq səviyyədə maraq və rəğbət doğurmaq, yerli ədəbi mühiti dünya miqyasında uğurla təmsil edə bilmək imkanları.
Müsabiqədə iştirak etmək istəyənlər musabiqe@teaspress.az elektron ünvanına müraciət edə bilərlər.
#RomanTEASPRESS #yeniroman #gəncromançı #gencromanchi