TEAS Press Nəşriyyat evi “I Bakı Kitab Festivalında”ndə iştirak etdi
23.12.2024
19 – 22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Əl Oyunları Sarayında ANAİB I Bakı Kitab Festivalı keçirilib. “Yeni ilə yeni kitablarla!” şüarı ilə keçirilən festivalda TEAS Press Nəşriyyat Evi də iştirak etmişdir.
Açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin Mədəniyyət komitəsi sədri Fazil Mustafa, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Əməkdar artist Rafiq Həşimov çıxış edərək bu kimi tədbirlərin vacibliyindən, Azərbaycan kitabçılığına verdiyi töhfələrdən danışıb, ənənə kimi formalaşmasının mühümlüyündən söz açıblar.
Festivalda minlərlə kitab 70 %-dək endirimlə təklif olunub, Elxan Elatlı, Elçin Əzimli, Dilşad Talıbova, Əşrəf Əşrəfov, Reyhan Yusifqızı, Mürşüd İsmayılzadə, Günel Əliyeva, Zahid Xəlil, Xülya Sabirli kimi tanınmış yazarların təqdimatları, imza mərasimləri təşkil edilib. Dörd gün davam edən festival hər gün 10:00-dan 20:00-dək fəaliyyət göstərdi.