“Səxavət dünyasının sərvəri” kitabının təqdimatı keçirildi
30.01.2025

Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Səxavət dünyasının sərvəri” kitabının təqdimatı keçirildi. Tarix elmləri doktoru Fərhad Cabbarovun müəllifi olduğu və “TEAS Press” Nəşriyyat Evində çap olunan “Səxavət dünyasının sərvəri” kitabında böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında aparılan araşdırmalar, yeni tapıntılar yer alıb. Azərbaycanda xeyriyyəçilik və mesenatlıq hərəkatının lideri kimi millətin qayğısına qalaraq məktəblər açan, yüzlərlə gəncin təhsil almasına yardım göstərən, mətbuatı, teatrı himayə edən, ehtiyacı olanlara əl tutan, millətinin gələcəyini düşünən, həmin gələcək üçün çalışan şəxsiyyəti daha yaxından tanımaq üçün bu möhtəşəm kitabı əldə edə bilərsiniz. “LIBRAFF” kitab mağazasında keçirilən tədbirin açılışında kitabın müəllifi, tarix elmləri doktoru Fərhad Cabbarov əsər haqqında ətraflı məlumat verdi. Ardınca akademik Nailə Vəlixanlı, professor Ədalət Tahirzadə, professor Solmaz Rüstəmova-Tohidi, Əməkdar mədəniyyət işçisi Rahib Azəri çıxış edərək, kitabın önəmini və əhəmiyyətini vurğuladılar. Tədbirdə tarixçilər, ictimai xadimlər və kitabsevərlər iştirak edirdi. Sonda oxucular kitablarını imzaladaraq xatirə fotoları çəkdirdilər.