“Gənclərin roman müsabiqəsi” – 2-nin qalibləri mükafatlandırıldı
18.12.2024
˝TEAS Press˝ Nəşriyyat Evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi” – 2-nin mükafatlandırma mərasimi keçirildi. Gənc yazıçılar tərəfindən təqdim olunan əsərlər dörd ay ərzində peşəkar münsiflər heyəti tərəfindən oxunaraq qiymətləndirilib və əvvəlcədən elan edilmiş meyarlara uyğun gələn ilk üç roman qalib elan olunub. Həmin əsərlər bunlardır:
I yer – Həsənli Orxan “Hürr”
II yer – Zahidov Vasif “Sonuncu istintaq”
III yer – Abbasov Mahir “Şərin qürubu”
Qaliblər müsabiqənin şərtlərinə uyğun aşağıdakı qaydada mükafatlandırıldılar:
– I yerin sahibi – 3000 (üç min) AZN pul mükafatı
– II yerin sahibi – 2000 (iki min) AZN pul mükafatı
– III yerin sahibi – 1500 (min beş yüz) AZN pul mükafatı.
Bununla yanaşı, birinci yeri tutan əsərin ˝TEAS Press˝ Nəşriyyat Evi tərəfindən çapı və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı həyata keçiriləcək. Yazıçılar, ədəbiyyatşünaslar, media nümayəndələri və kitab bloggerlərinin iştirakı ilə keçirilən tədbirdə ˝TEAS Press˝ Nəşriyyat Evinin 10 illik hesabat təqdimatı da nümayiş etdirildi. Tədbirdə çıxış edən qonaqlar ˝TEAS Press˝in fəaliyyətini və bu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdilər. Qeyd edək ki, ˝TEAS Press˝ Nəşriyyat Evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılmasından və ədəbi rəqabət mühitinin inkişafına təkan verərək, yeni imzaların üzə çıxmasına şərait yaratmaqdan ibarətdir. Bütün qalibləri təbrik edir, tədbirdə iştirak edən qonaqlara təşəkkürümüzü bildiririk.