Dahi Azərbaycan şairinin xatirəsinə dəyərli töhfə
11.03.2022
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin siması, həqiqətən də, onun 880 illiyinə həsr olunmuş bugünkü tədbirdə səslənən hər beytindən boylanırdı. bp-nin ev sahibliyi etdiyi bu tədbirdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, alimlər, Nizaminin nəhəng ədəbi və fəlsəfi irsinin tədqiqatçıları bir araya gəlmişdilər.
Tədbirin əsas məqsədi həm də “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı sanballı tədqiqat kitabının ictimaiyyətə təqdimatı idi. 564 səhifəlik nəfis nəşrdə Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən Nizami Gəncəvi haqqında keçmişdə söylənmiş məlum, lakin çox yayılmamış və unudulmuş fikirlər, yazılmış məqalələr və elmi araşdırma mətnləri toplanıb. Bu kitab Nizaminin oxucuları, tədqiqatçıları və bütün pərəstişkarları üçün dəyərli bir hədiyyədir.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Nizami Gəncəvi elə bir dühadır ki, gələcək nəsillər də onun misilsiz poetik və fəlsəfi irsini araşdırmağa davam edəcək. Nizaminin poeziya xəzinəsinin tədqiqinə bizim də kiçik töhfəmizin olmasından çox məmnunuq. Nizami eyni zamanda Şərqin ən böyük mütəfəkkirlərindən biridir və bu kitabda toplanmış yazılardan və mülahizələrdən də görünür ki, onun dərin fəlsəfi irsi həmişə elə şeirləri qədər yüksək tutulub. Azərbaycanın görkəmli dövlət xadimi və şairi Abbasqulu ağa Bakıxanov Nizami haqqında yazısında belə deyib: “Onun böyüklüyünü və fəzilətlərini söyləməkdən dil acizdir”. Bundan da mükəmməl və dəqiq söyləmək mümkün deyil.”
Toplu professor Nəsiman Yaqublu tərəfindən tərtib olunub və TEAS Press nəşriyyat evi tərəfindən yüksək poliqrafik keyfiyyətdə nəşr olunmuşdur.